Danimarka Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) planlı yardım göstərəcəyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Danimarka Xarici İşlər Nazirliyindən verilən açıqlamada, BMT-nin 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının iştirak etdiyinə dair İsrailin iddiaları ilə bağlı etibarlı araşdırma apardığı və təqsirləndirilən əməkdaşların vəzifələrindən uzaqlaşdırıldığı bildirilib.
Açıqlamada, daha əvvəl UNRWA-ya yardımlarını müvəqqəti olaraq dayandıran Kanada və İsveçin yardımları yenidən başlatmağa qərar verdiyi, Avropa Birliyinin də yenidən yardım etməyə başladığı xatırladılıb.
Bəyanatda Danimarkanın da illik planlaşdırılmış 105 milyon Danimarka kronu (təxminən 15,3 milyon dollar) məbləğində yardım göndərəcəyi və bu yardımın UNRWA-nın Qəzzada humanitar vəziyyətin yumşaldılması səylərinə dəstəyi prioritet təşkil edəcəyi qeyd edilib.