“Davam” Gəncə şəhərində gənclərlə silsilə görüşlər keçirib
“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq “ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər həyata keçirir.
Regionda baş tutan görüşlərdən ilki 17-18 oktyabr tarixlərində “Davam” Gənclər Hərəkatının təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gəncə şəhərində baş tutub.
Kampaniya çərçivəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrlə görüşüblər. Görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə kampaniya çərçivəsində Gəncə şəhərində baş tutan görüşlərdə 800-dən çox gənc iştirak edib.
Həmçinin səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən Təşəbbüs Qrupları ilə çay süfrəsi ətrafında səmimi görüş baş tutub. Görüş zamanı Fərəh İctimai Birliyi və İZ Gənclər Təşkilatının qurucuları və idarəçiliyində təmsil olunan fəal gənclərlə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri dəyərləndirilib və gələcəkdə birgə görülə biləcək işlər haqqında danışılıb.