Moskvada atasını bıçaqlayaraq öldürən və cəsədini doğrayıb yandıran şəxs saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi rəsmi məlumat yayıb.
Moskvanın şimal-şərqində dəhşətli və amansız ailə cinayəti qeydə alınıb. Bir nəfər öz doğma atasını bıçaqlayaraq öldürüb, daha sonra isə onun cəsədini hissələrə ayıraraq meşədə yandırıb.
Hadisə iyulun 18-də bir qadının polisə müraciət edərək həyat yoldaşının yoxa çıxması barədə məlumat verməsindən sonra aşkarlanıb.
Qadının sözlərinə görə, əri oğullarının evinə qonaq gedib və bundan sonra hər ikisi ilə əlaqə kəsilib. Keçirilən operativ əməliyyat nəticəsində şübhəli bilinən oğul saxlanılıb.
Məlum olub ki, atasını amansızlıqla öldürüb cəsədini meşədə doğrayaraq yandıran şəxs psixonevroloji dispanserdə rəsmi qeydiyyatdadır.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






