Deputat nikah müqaviləsinin icbari olmasını təklif etdibackend

Deputat nikah müqaviləsinin icbari olmasını təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mübahisəsiz boşanma prosesini tam şəkildə qeydiyyat idarələrinə həvalə edə bilərik.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur: “Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq”.

Deputat nikah müqaviləsini icbari formata salmağı da təklif edib:

“Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyatı icra orqanına təqdim edilməlidir. Bunun üçün, tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Üstəlik, nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə tutmanın digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün birbaşa iradəsinə bağlamalıyıq. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısı ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.