2050-ci ilə qədər quraqlıq səbəbindən dünya üzrə 216 milyon insanın miqrasiya etməli olacağı təxmin edilsə də, mütəxəssislər ən çox təsirlənəcək bölgələrin Aralıq dənizi, Şimali Afrika və Yaxın Şərq olduğunu və bu bölgələr üçün meteoroloji modellərin 30 faiz daha az olduğunu qeyd edirlər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İqlim dəyişikliyinin səbəb olduğu və təsiri uzunmüddətli perspektivdə hiss olunan quraqlıq bir çox sektoru, xüsusilə kənd təsərrüfatı, səhiyyə, iqtisadiyyat və enerjini əhatə edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində hazırlanan “2022 Quraqlıq Rəqəmləri” hesabatına görə, quraqlıq hər il dünyada 55 milyon insanı təsir edir. 2000-2019-cu illərdə 1,4 milyard insanın həyatını çətinləşdirən quraqlıq, daşqından sonra zərər çəkən insanların sayına görə ikinci fəlakət oldu və son 100 ildə 10 milyondan çox insanın ölümünə səbəb olub.
6 qitədən 5-də aşkar edilən həddindən artıq quraqlıq səbəbindən karbon yuvası funksiyasını yerinə yetirən ekosistemlər karbon mənbəyinə çevrildiyi halda, hər il quraqlıq və səhralaşma nəticəsində 12 milyon hektar ərazi itirilib, quraqlıqdan təsirlənən bitkilərin sayı iki dəfə artıb.
Quraqlıq, su qıtlığı, dəniz səviyyəsinin qalxması, məhsul itkisi və əhalinin həddindən artıq artması kimi amillərə görə 2050-ci ilə qədər 216 milyon insanın dünya üzrə miqrasiya etməli olacağı təxmin edilir.
2100-cü ilə qədər qlobal orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 3 dərəcə artacağı təqdirdə quraqlıq itkilərinin indikindən 5 dəfə çox olacağı proqnozlaşdırılır.