Rusiyalı politoloq “Tramp yolu”nun Ermənistanı uçuruma aparacağı barədə sərsəm açıqlamalar verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Alpha News” məlumat yayıb.
Özünü “politoloq və hərbi ekspert” adlandıran Pyotr Kolçin İran ilə ABŞ arasındakı danışıqlar prosesini və Yaxın Şərqdəki vəziyyətin Ermənistana necə təsir edəcəyini şərh edib.
Onun fikrincə, Trampın fəal şəkildə irəli sürdüyü təzyiq alətləri hədəflərinə çatmır.
“İran özünü güclü hiss edir, öz tələblərini irəli sürür və geri çəkilmək niyyətində deyil. Əlbəttə, növbəti gərginlik perspektivləri görünür. Bu baxımdan ən böyük reputasiya xərclərini ilk atəşi açan ölkə çəkəcək.
Görünən odur ki, bu ölkə ABŞ ola bilər, çünki dəfələrlə məhz Ağ Ev müxtəlif avantürist əməliyyatlara sanksiya verib”, – Kolçin bildirib.
Ekspert “Tramp yolu”nun Ermənistan üçün “troya atı” olduğunu çərənləyib:
“Danışıqların və Yaxın Şərqdəki münaqişənin nəticəsindən asılı olmayaraq, Ermənistan risklərlə üzləşir. Çünki onun regiondakı mövqeləri zəifləyir.
“Tramp yolu” İrəvan ilə Tehran arasındakı münasibətləri qıran, Ermənistanı Azərbaycan və Türkiyə üçün keçid həyətinə çevirən bir troya atıdır.
Bu şəraitdə həm ABŞ-nin, həm də İranın güclənməsi Ermənistanın və erməni xalqının maraqlarına qarşı işləyəcək.
Paşinyanın diplomatik vektoru bu mənada ölkəni yalnız zəifləməyə aparır”, – deyə Kolçin cəfəng fikirlərini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az






