Ermənistanda “Qızıl dünyası”nın sahibi nazirliyi 200 min dollar iddia ilə məhkəməyə verib.
İnterpress.аz xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İrəvandakı məşhur “Qızıl dünyası” ticarət mərkəzinin və “Vağarş və oğulları” konserninin sahibi Vağarş Abramyan Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə qarşı rəsmi məhkəmə iddiası qaldırıb.
İş adamı nazirlikdən məhkəmə yolu ilə təxminən 200 min dollar (təxminən 340 min manat) vəsait tələb edir.
Məlumata görə, Abramyanın rəhbərlik etdiyi şirkət “Erməni üsulu qarət” komediya filminin çəkilişinə və istehsalına böyük sərmayə yatırıb.
İş adamı indi qanunla nəzərdə tutulmuş dövlət kompensasiyasının – çəkiliş xərclərinin sənədlərlə təsdiqlənmiş ümumi hissəsinin 25%-nin dövlət tərəfindən geri ödənilməsini rəsmən tələb edir.
Qaldırılan məhkəmə iddiası artıq rəsmi icraata qəbul edilib. Ermənistanın müvafiq nazirliyinin və dövlət kino fondunun bu səs-küylü məhkəmə çəkişməsinə necə cavab verəcəyi yerli mətbuat və ictimaiyyət tərəfindən yaxından izlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






