“Ermənistan Rusiyanın forpostudur” – Erməni general vətəndaşlıqdan İMTİNA ETDİ – VİDEObackend

“Ermənistan Rusiyanın forpostudur” – Erməni general vətəndaşlıqdan İMTİNA ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, SSRİ və Ermənistan Silahlı Qüvvələrinin general-leytenantı Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina edib.

O, müsahibəsində pasportunu təhvil verdikdən sonra prezident administrasiyasından vətəndaşlıqdan məhrum edildiyi barədə bildiriş aldığını və bundan sonra Ermənistana bir daha gəlməyəcəyini deyib:

“Pasportumu təhvil verdim və prezident ofisinizdən mesaj aldım: ‘Siz vətəndaşlığınızdan məhrum edildiniz’. Yaxşı, əzizlərim. Bir daha Ermənistana gəlməyəcəyəm. Vəssalam”.

Ter-Qriqoryants Ermənistanın Rusiya ilə NATO arasında bufer ölkə kimi qalmasının tərəfdarı olduğunu bildirib.

O, Ermənistanın Rusiya-Belarus İttifaqına qoşulmamasını və bu statusdan uzaqlaşmasını tənqid edib.

General həmçinin Ermənistanın Rusiya üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, ölkədə Rusiya hərbi mövcudluğunun yaradılmasında iştirak etdiyini söyləyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yaradılması prosesinə dəvət olunarkən ölkə ərazisində Rusiya hərbi mövcudluğu üçün şərait yaradıb.

“Ermənistan Rusiyanın forpostudur. Ermənistanın itirilməsi Rusiyaya çox baha başa gələr. Mən rus generalıyam, ona görə də bura (Ermənistana – red.) Silahlı Qüvvələrin yaradılması üçün dəvət olunanda Ermənistanda bir Rusiya anklavı yaratdım”, – o bildirib.

Müsahibənin yayılan görüntülərində Ter-Qriqoryants öz fəaliyyəti və Ermənistanda Rusiya hərbi bazasının yaradılmasının səbəbləri barədə danışır.

Xuraman Etibarlı

İnterpress.az