Ermənistanda Müqəddəs Ohannes kilsəsində yanğın baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanın Geqarkunik (Göyçə) vilayətində yerləşən Müqəddəs Ohannes kilsəsində yanğın hadisəsi qeydə alınıb. Hadisə günorta saatlarında Qavar-Martuni avtomobil yolunun yaxınlığında yerləşən şapeldə baş verib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alaraq yanğını qısa müddətdə tam söndürüblər.
İlkin məlumatlara əsasən, yanğın nəticəsində kilsə daxilindəki bəzi qədim dini ikonalar qismən yanıb və ciddi zədələnib.
Hazırda ibadətgahda baş verən yanğının dəqiq səbəbləri və kilsəyə dəymiş maddi ziyanın miqyası müvafiq rəsmi qurumlar tərəfindən araşdırılır.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






