Gürcüstan radiosunda Nəriman Nərimanovun əsəri səsləndiriləcəkbackend

Gürcüstan radiosunda Nəriman Nərimanovun əsəri səsləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın səsi” radiosunda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun “Bahadır və Sona” pyesi gürcü dilində səsləndiriləcək.

Aktual.ge xəbər verir ki, layihə “SOCAR Energy Georgia” şirkəti və “TV24” mediaholdinqinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

Gürcüstanın radio dinləyiciləri azərbaycanlı yazıçının əsəri ilə 107.9 FM dalğasında 6 ay ərzində Kote Marcanaşvili adına Dövlət Dram Teatrının aktyoru Zviad Sxitladzenin təqdimatında tanış ola biləcəklər.

Radionun efirində həmçinin N.Nərimanovun həyat və yaradıcılığı ilə bağlı azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə canlı müzakirələr də aparılacaq. Layihə çərçivəsində ədiblə bağlı bioqrafik veriliş də hazırlanacaq və “TV24”ün efirində yayımlanacaq.

Mediaholdinqin icraçı direktoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebiya Tbilisidə keçirilən mətbuat konfransında bildirib ki, layihə gürcüstanlıları Nəriman Nərimanovun yaradıcılığı ilə daha çox və yaxşı tanış etməyə imkan verəcək: “Nəriman Nərimanov Gürüstanda hər zaman çox sevilib. Bu görkəmli şəxsiyyət gələcəkdə də Gürcüstan və Azərbaycan arasında əsas dostluq simvollarından biri olaraq qalacaq”.

Layihənin baş məsləhətçisi, Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyib ki, layihənin əsas məqsədi Gürcüstanda N.Nərimanovun yaradıcılığının təbliğ olunmasıdır. Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə artıq ötən həftədən başlanılıb. A.İsayeva Gürcüstan ictimaiyyətinin “Bahadır və Sona” əsərini maraqla qarşılayacağına ümidvarlıq ifadə edib.