Çində hovuzun su borusunun içinə çəkdiyi 11 yaşlı oğlan boğularaq ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çinin Qaobeydyan şəhərində uşağın hovuzda ölməsi ilə nəticələnən dəhşətli bədbəxt hadisə baş verib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, dayaz zonada üzən 11 yaşlı oğlan su sirkulyasiyası sisteminin yan tərəfdəki drenaj (suaxıtma) borusuna çəkilib.
Onun sol qolu çiyninə qədər borunun içinə sıxışıb, başı isə suyun altında qalıb. Azyaşlı bir neçə dəqiqə ərzində suyun altında həyat uğrunda mübarizə aparıb.
Uşağın ailəsi iddia edir ki, diametri təxminən 15 santimetr olan drenaj borusunun üzərində qoruyucu barmaqlıq (tor) olmayıb, həmçinin ərazidə heç bir xilasedici fəaliyyət göstərməyib.
Oğlanı fərq edən zaman anası və məşqçisi onu xilas etməyə çalışsalar da, güclü vakuum (sorma) gücü səbəbindən hətta üç nəfər böyük insan uşağı dərhal dartıb çıxara bilməyib.
Yalnız su sirkulyasiyası sistemi söndürüldükdən sonra azyaşlını sudan çıxarmaq mümkün olub, lakin o, artıq həyat əlamətlərini tamamilə itirib.
Faktla bağlı yerli polis tərəfindən cinayət işi başlanılıb və ciddi araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






