İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ölkəsinin Ər-Riyaddakı səfirliyinin sabah açılacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kenani deyib: “İran-Səudiyyə Ərəbistanı əlaqələrinin bərpası çərçivəsində əldə olunmuş ikitərəfli razılaşmaların icra prosesini başa çatdırmaq üçün İran İslam Respublikasının Ər-Riyaddakı səfirliyi, İran İslam Respublikasının Baş Konsulluğu İyunun 6-7-də Ciddə şəhəri və İranın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəliyi rəsmi olaraq açılacaq”.
Xarici İşlər Nazirliyinin sözçüsü Kənani qeyd edib ki, səfirlik və baş konsulluğun açılışı iranlı zəvvarların müqəddəs torpağa gəlişindən əvvəl onlara xidmət etmək üçün keçiriləcək.
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Şeyx əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.
Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb.
Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan edib.
Əksər Körfəz və Ərəb ölkələri də 2016-cı ilin yanvarında Ər-Riyadın Tehranla əlaqələri kəsmək qərarını dəstəkləyərək, İranla diplomatik əlaqələri kəsdiklərini açıqlayıblar.