“Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat vəsaitin ayrılması yolverilməzdir” – Arif Hacılıbackend

“Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat vəsaitin ayrılması yolverilməzdir” – Arif Hacılı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərkəzi Bankın yeni inzibati binasının tikintisi ilə bağlı tender 2020-ci ilin fevral ayında elan edilib. O zaman COVİD 19 hələ pandemiya elan edilməmiş, Azərbaycanda 1 nəfər də bu virusa yoluxmamış, iqtisadi tənəzzül başlamamış, neftin qiyməti ucuzlaşmamışdı. Bundan əlavə, 2020-ci ildə Qarabağ Müharibəsi ilə əlaqədar ölkənin hərbi və digər xərcləri misli görünməmiş dərəcədə yüksəldi. İndi qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi  kimi böyük xərclər tələb edən ümummilli vəzifə var.  Bununla bağlı bir çox digər layihələrin təxirə salınması,hətta sosial sahəyə yetərli vəsaitlərin ayrılmaması anlaşıqlı qarşılandı. Belə şəraitdə, aeroport yolunda, əsas təyinatı xaricdən gələnlərə göstərib qürürlanmaq olan Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manatadək vəsaitin ayrılması yolverilməzdir”.

İnterpress.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, əslində Mərkəzi Bankın indi mövcud olan binası da külli miqdarda dövlət vəsaiti hesabına tikilib, kifayət qədər böyük və təyinatı üzrə istifadə üçün tam yetərli olan binadır: “Bütün bunlar, eyni zamanda ölkə ictimaiyyətinin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, belə bahalı binanın tikintisi ləğv edilməli, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir”.