Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 11-ci iclasında çıxış edib   backend

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 11-ci iclasında çıxış edib  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 11-ci iclasında çıxış edib

 

İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 11-ci iclası keçirilib. İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Həm şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən spiker, qeyd edib ki, bu da TÜRKPA çərçivəsində əməkdaşlığın səviyyəsinin mühüm göstəricisidir. O, TÜRKPA-nın Assambleya Şurasında və Plenar iclasında aparılacaq fikir mübadiləsinin və qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib. Azərbaycan Respublikası Milli Məclisinin TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verdiyini deyən Sahibə Qafarova əlavə edib ki, parlamentimiz bu istiqamətdə öz hərtərəfli dəstəyini əsirgəmir.

Milli Məclisin sədri qeyd edib ki, ötən dövr ərzində üzv parlamentlərimiz arasında əməkdaşlıq daha da inkişaf edib. TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması, seçki və referendum müşahidə missiyalarının təşkili, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz səmərəli əməkdaşlığımızın mühüm göstəriciləridir.

Çıxışında Azərbaycan parlamentinin sədri xatırladıb ki, 10-cu plenar iclasdan ötən dövr ərzində Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində TÜRKPA-nın komissiya iclası, seminarı, konfrans və görüşləri keçirilib. Digər tərəfdən, üzv parlamentlərin nümayəndələri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Azərbaycanın mədəniyyətinin paytaxtı, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şuşa şəhərinə səfər ediblər. Qardaş ölkələrimizin parlament üzvləri Ermənistanın işğalı dövründə törədilmiş vəhşiliklərin və dağıntıların şahidi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.

Milli Məclisin sədri əmin olduğunu bildirib ki, Assambleyanın tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına dəyərli töhfələrini davam etdirməsi naminə birgə səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Şura iclasında həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov və Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildiriblər.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi