Qarabağda son antiterror tədbirləri birmənalı şəkildə İkinci Qarabağ müharibəsinin məntiqi yekunu kimi dəyərləndirilməlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dünənki müraciətində səsləndirdiyi kimi, antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.
Hədəfə çatıldığını deyən dövlət başçısı bəyan edib ki, qeyri-qanuni şəkildə Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi və artıq bu problem də həllini tapıb. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılması tələbi qoyulsa da, Ermənistan bu müddəanı yerinə yetirməkdən nəinki boyun qaçırır, hətta təxribatçı əməllərə yol verir, ərazilərin minalanmasını həyata keçirirdi. Lakin indi Qarabağın erməni əhali yaşayan hissəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa olunacağı gün yaxındadır.
Yeri gəlmişkən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandıqdan sonra Qarabağda və Laçın yolunda Rusiya sülhməramlıları yerləşdirilib. İlk vaxtlarda sülhməramlıların fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar vardı və rəsmi Bakı bununla bağlı etirazlarını qarşı tərəfə çatdırırdı. Nəticədə bu gün Rusiya sülhməramlı kontingentinin rəhbərliyi missiyasının nədən ibarət olduğunu, bölgədəki funksiyasını dərk edir. Elə son antiterror tədbirləri zamanı da bunu hiss etmək mümkün oldu.
Azərbaycan dəfələrlə bölgədəki Ermənistan ordusunun təxribatçı əməlləri barədə sülhməramlıları məlumatlandırıb. Sonuncu terror aktı isə pik hədd oldu. Erməni diversantlar minalardan təmizlənən ərazilərə daxil olaraq xaincəsinə yenidən minalar döşədilər, nəticədə 10-a yaxın vətəndaşımız həlak oldu. Məhz bu təxribatdan sonra Azərbaycan öz suveren ərazisində antiterror tədbirləri həyata keçirmək barədə qərar verdi. Təbii ki, Rusiya sülhməramlıları da bu barədə xəbərdar edildilər. Keçirilən tədbirlər zamanı hədəfin yalnız hərbi infrastruktur və obyektlər olduğu bəyan edildi. Azərbaycan Ordusu sözünü tutaraq heç bir mülki infrastruktur və ya obyektə zərər vurmadı.
Qısamüddətli tədbirlər zamanı Rusiya sülhməramlıları da üzərilərinə düşən vəzifələri uğurla yerinə yetirdi və öz mövqelərində qaldılar. Antiterror tədbirləri başlayanda Ermənistan ümid edirdi ki, sülhməramlı kontingentlə Azərbaycan Ordusu arasında hansısa gərginlik və ya qarşıdurma yaranmasına nail olunacaq. Lakin Ermənistanın bu ümidləri puç oldu. Erməni cəmiyyətində bir vaxtlar “xilaskar” kimi təqdim edilən, şərəfinə məclislər qurulan sülhməramlıların ünvanına artıq ittiham və təhqirlər səslənməyə başlandı. İrəvanda keçirilən aksiyalarda Rusiya rəhbərliyi də sərt şəkildə tənqid olundu, “Kreml Qarabağı satdı” kimi ittihamlar səsləndi. Bu kontekstdə Rusiya rəsmilərinin səsləndirdiyi bəyanatları da yaddan çıxarmaq olmaz. Onların açıqlamalarında antiterror tədbirlərinin birmənalı olaraq Azərbaycanın öz ərazisində – Qarabağda keçirildiyi, yəni onun daxili işi olduğu vurğulandı.
Beləliklə, Qarabağda 30 illik separatizmə son qoyuldu. Separatçılar təslim olmağa məcbur edildilər. Ən mühüm nəticələrdən biri Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunması və bölgədən çıxarılması prosesinin başlanılmasıdır.