Rusiya paytaxtındakı Qırmızı Meydanda 9 May faşizm üzərində qələbənin 79-cu il dönümünə həsr olunan Qələbə paradı keçirilib.
İnterpress.az bildirir ki, təntənəli mərasimdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri, eləcə də Qvineya Bisau, Kuba və Laos liderləri iştirak ediblər.
Putin parad başlamazdan öncə çıxış edib. Bildirib ki, Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək:
“Biz heç kimin Rusiyanı hədələməsinə imkan verməyəcəyik. Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır”.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin tarixindən danışan Putin Rusiyanın heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmadığını söyləyib.
“Biz anti-Hitler koalisiyasının bütün döyüşçülərinin, vətən xainlərini, casusları üzə çıxaranların, partizanların şücaətinə, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq və heç vaxt unutmayacağıq”, – deyə Putin vurğulayıb.
Daha sonra Rusiya Silahlı Qüvvələrinin müxtəlif növ qoşunlarının və ali hərbi məktəblərin kursantlarının keçidi ilə parad başlayıb. Hərbçilərin keçidindən sonra Rusiya ordusunun hərbi texnikaları, tank , piyada döyüş maşınları, Tiqr və Kamaz markalı zirehli avtomobillər, “İsgəndər”, S400 Zenit raket kompleksləri, “Yars” strateji raket kompleksi Qırmızı Meydana daxil olub.
Qələbə Paradını Rusiya Hərbi Hava Qüvvələrinin qırıcıları tamamlayıb. Su-27, Su-30SM, Su-25 və MiQ-29-dan ibarət iki qrup təyyarə Qırmızı Meydan üzərində uçaraq səmanı Rusiya bayrağının rənglərinə boyayıb./APA/