Nazir bir gündə 30 nəfəri işdən çıxardıbackend

Nazir bir gündə 30 nəfəri işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin Qubadlı rayonundan olan 30 nəfərədək əməkdaşı işdən çıxarılıb. 

Bu barədə şöbənin Qubadlı rayonundan olan əməkdaşları məlumat verib.

Onların sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ili bu ilin avqust ayında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsi ləğv edilib. Bu şöbənin əməkdaşları ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şöbəsi arasında üç aylı əmək müqaviləsi bağlanılıb.

Əməkdaşlar bildirib ki, noyabrın 14-də həmin əmək müqaviləsinin müddəti başa çatıb. “Bu gün 30 nəfərədək əməkdaşın işdən çıxarılması ilə bağlı əmrlər bizə təqdim olundu”,- deyə onlar əlavə edib.

Şikayətçilər pandemiya dövründə işçiləri azad edtməməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsini xatırladıblar: “Görünən budur ki, Sahil Babayev Prezidentin tövsiyəsini nəzər almayıb. Bundan əlavə, Qubadlı rayonu Azərbaycan Ordusu tərəfindən erməni işğalından yeni azad olunub. Bu rayondan olan əhali hələ ki doğma torpaqlarına qayıtmayıb deyə, məcburi köçkün statusları da ləğv edilməyib. Məcburi köçkünlərin işdən ixtisara salınaraq azad olunması Əmək Məcəlləsi ilə qadağan edilir”.

İşdən çıxarılan əməkdaşlar arasında Qarabağ müharibəsinin veteranları da var: “Sahil Babayev heç olmazsa, Şanlı Ordumuzun Qarabağda qazandığı zəfərlərinə görə Qarabağ müharibəsinin veteranlarına bu cür ədalətsizlik göstərməməli idi. Əmək Məcəlləsi müharibə veteranının da ixtisara salınmasını qadağan edir”.

Başqa bir problem də ondadır ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şöbəsində işləyən bu əməkdaşlar Qubadlı rayonundan olan təqaüdçülərin pensiya təminatının tənzimləməsi işini həyata keçirirdi: “Nazir əmr imzalayanda bu faktı belə nəzərə almayıb”.

İşdən çıxarılan əməkdaşlar yaranmış vəziyyətlə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edəcəklərini bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili isə açıqlamasında deyib ki, qurumun Qubadlı rayon şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Məlumat üçün bildiririk ki, DSMF-nin  Qubadlı rayon şöbəsi ləğv edilməyib. Optimallaşdırma çərçivəsində regional idarə yaradılıb. Kadr islahatları ilə bağlı vəzifə təlimatlarına, mövcud fəaliyyət tələblərinə uyğun gəlməyən və ali təhsili olmayan bəzi əməkdaşların əmək müqaviləsinə xitam verilib. Bu məsələdə şəhid ailəsi, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi iştirakçıları, eləcə də sosial müdafiəyə ehtiyacı olan şəxslərin işdən çıxarılması həqiqətəuyğun deyil”, – deyə o bildirib.

Rəşad Mehdilinin sözlərinə görə, strukturlaşma və islahatlarla bağlı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq analıq məzuniyyətində olan, şəhid ailəsinin, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, qaçqınlar, məcburi köçkünlər, sosial müdafiəyə ehtiyacı olan əməkdaşların əmək müqaviləsinin müddəti avtomatik olaraq yenilənəcək. “Həmçinin Dövlət Sosial Müdafiə Fondunun yaxın zamanlarda işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərəcək regional idarələri yaradılacaq və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin idarələrdə işlə təmin ediləcəklər”, – deyə o əlavə edib.

 

İnterpress.az