10-14 sentyabr tarixlərini əhatə edən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi keçirilib.
İnterpress.az xəbər verir ki, Şəki şəhərində keçirilən düşərgə Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.
Düşərgənin əsas məqsədi şəhid və qazi övladlarının asudə vaxtının səmərəli təşkil edilməsi, onların şəxsi inkişafına və yeni bacarıqlar qazanmasına imkan yaradılması, komanda ruhunun və sosial əlaqələrinin gücləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərin təbliğidir.
Beş gün davam edən düşərgə proqramı maarifləndirici və inkişafyönümlü təlimlər, müxtəlif görüşlər, idman və intellektual yarışlar, yaradıcılıq və əyləncə proqramlarını özündə birləşdirib. Düşərgənin ilk günündə iştirakçılar Şəki şəhərinə səfər edib, Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra açılış mərasimində iştirak ediblər.
Düşərgə çərçivəsində iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş bir sıra təlimlər keçirilib. Kibertəhlükəsizlik üzrə mühəndis Fariz Əsədov tərəfindən “Web Site və giriş məlumatı təhlükəsizliyi” mövzusunda təlim, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə tərəfindən “Özünümüdafiə və əlbəyaxa döyüş” mövzusunda praktiki təlim təşkil olunub. Həmçinin “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi Nəcəf Allahverdiyev “Natiqlik və Uğur”, ASAN İnnovativ İnkişaf Mərkəzinin iş departamenti üzrə təlimlər üzrə baş mütəxəssisi Fəxri Məhəmmədzadə isə “Liderlik və effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər keçirib.
Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə tanınmış mütəxəssislərlə də görüşlər keçiriblər. “Yüksəliş” qalibləri Nərgiz İsmayılova, Əlizadə Fərzəliyev və Elnur Məmmədli ilə keçirilən görüşdə “Karyerada “Yüksəliş”: İş dünyasının gənclərdən gözləntiləri” mövzusunda fikir mübadiləsi aparılıb. İkiqat Paralimpiya Oyunları çempionu, Azərbaycan paralimpiyaçı cüdoçusu İlham Zəkiyev ilə görüşdə onun idman karyerası və keçdiyi yol barədə söhbət aparılıb.
İştirakçıların fiziki aktivliyinin, çeviklik və komanda bacarıqlarının inkişaf etdirilməsi məqsədilə düşərgə müddətində futbol, voleybol, stolüstü tennis, badminton, bilyard və stolüstü oyunlar üzrə yarışlar, eləcə də “Parkur yarışı” və “Airsoft Turniri” təşkil olunub. Eyni zamanda DJ Fatehin təqdimatında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Düşərgə proqramında milli-mədəni irsin təbliği və yaradıcı fəaliyyətlərə də xüsusi yer ayrılıb. “İrs Art” masterklassında iştirakçılar Azərbaycan xəritəsi üzərində ölkənin müxtəlif bölgələrinə xas milli-mədəni simvolları, tarixi abidələri, təbiət mənzərələrini və folklor elementlərini yaradıcı şəkildə əks etdiriblər.
Düşərgənin bağlanış mərasimində musiqili hissə də təqdim olunub.
İştirakçıların asudə vaxtının səmərəli təşkili və düşərgə ab-havasının daha da zənginləşdirilməsi məqsədilə DJ Party, “Cinema Time” və tonqal gecəsi kimi müxtəlif əyləncə proqramları da keçirilib.






