Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyanın cənubunda bir həftə ərzində 98 qeyri-qanuni neft emalı zavodu və boru kəməri məhv edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Nigerian National Petroleum Limited Company (NNPCL) tərəfindən edilən yazılı açıqlamada, ölkənin neft bölgəsi olan Niger Deltasında son bir həftə ərzində xam neft oğurluğuna qarşı əməliyyatların aparıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 211 xam neft oğurluğu faktı qeydə alınıb, əməliyyatlar zamanı qanunsuz fəaliyyət göstərən 83 neft emalı zavodu və 15 qeyri-qanuni boru kəməri məhv edilib.
Belə ki, əməliyyatlar zamanı 60 qayıq, nəqliyyat vasitəsi və xam neftin ələ keçirildiyi vurğulanıb.
Nigeriyalı senator Ned Nvoko ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox itki olacağını açıqlayıb.
Ordu ölkədə neft oğurluğu və təxribatla mübarizə çərçivəsində ötən il 233 qeyri-qanuni neft emalı zavodunun məhv edildiyini bildirib.