Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıbbackend

Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətçinin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə İnterpress.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə səkkiz, dövlət nümunəli olmayan diplom üzrə dörd, ekvivalenti olmayan ixtisas üzrə iki, təhsil forması üzrə iki nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 123, Türkiyədən 90, Ukraynadan 82, Böyük Britaniyadan 29, Gürcüstandan 19, Çindən səkkiz, İtaliyadan yeddi, Polşadan altı, Macarıstandan dörd, ABŞ-dən və İsveçrədən üç, Almaniyadan, Əfqanıstandan, Kanadadan, Niderlanddan və Qırğızıstandan iki, Avstraliyadan, Belarusdan, Birləşmiş Ərəb Əmirliklərindən, Cənubi Afrika Respublikasından, Çexiyadan, Estoniyadan, Hindistandan, İspaniyadan, Kiprdən, Koreyadan, Litvadan, Norveçdən, Özbəkistandan, Rumıniyadan və Şimali Makedoniyadan bir müraciətin olduğu müşahidə edilib.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.