Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi 2022-ci il iyulun 1-dən tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-yə çatdırılıb: “Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb”.
A.Bayramov bildirib ki, keçən il Agentliyin reabilitasiya mərkəzləri əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərib:
“Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1 437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il 10,5 min nəfər əlilliyi olan şəxs 91,4 min reabilitasiya vasitəsi ilə təmin edilib. Bundan başqa, Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub”.