Poliklinikanın şüşəsini sındıran və həkimləri yaralayan şəxs qazi deyil – RƏSMİ + YENİLƏNİB/VİDEObackend

Poliklinikanın şüşəsini sındıran və həkimləri yaralayan şəxs qazi deyil – RƏSMİ + YENİLƏNİB/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxs qazi deyil”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:

“Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə DİN rəsmisi qeyd edib.

12:02

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.

Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.

İlhamə Əbülfət