Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər”backend

Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.

İnterpress.az xəbər verir ki,Rusiyanın tanınmış yazıçısı, siyasi və ictimai xadimi, “İzborsk klubu”nun sədri və təsisçilərindən biri Aleksandr Proxanov Oxu.Az-a müsahibəsində strukturun formalaşmaqda davam etdiyini bildirib:

– Belə struktur yaratmaq tendensiyası 15 il əvvəl yaranıb. Və çox yavaş-yavaş, ehtiyatla düzüldü. Əvvəlcə o yalnız iqtisadi xarakter daşıyırdı. Rusiyaya alternativ qaz bazarı tapmaq lazım idi, bu oldu (Çində – red.).

Və sonra Rusiyanın NATO ilə, Çinin isə ABŞ-la münasibətləri pisləşdikcə bu ittifaq (Rusiya və Çin – red.) daha çox siyasi, hətta hərbi xarakter daşımağa başladı.

Bu yaxınlarda Pekində baş verənləri (birgə bəyanatın imzalanması – red.) hələ Rusiya ilə Çin arasında əldə edilmiş hərbi-siyasi ittifaq adlandırmaq çətindir. Amma bu, sözün əsl mənasında bir addımlıq məsafədədir.

– Türkiyəyə keçid edəcəyəm və bu, söhbətimizin mövzusu ilə bağlıdır. Bir müddət əvvəl Türkiyədə MetroPOLL mərkəzi sorğu keçirərək, variantı – ABŞ və Avropa İttifaqını, ya da Rusiya və Çini seçməyi təklif etdi. Respondentlərin 39,4 %-i Çin və Rusiyanı, 37,5 %-i Aİ və ABŞ-ı seçdi, 23,1 %-i isə qərarsız qaldı. Sizcə Türkiyə harada mövqe tutacaq?

– Düşünürəm ki, Türkiyə mümkün qədər uzun müddət Rusiya, Çin və Qərb qarşıdurmasından kənarda qalacaq. Ankara müstəqil rol oynamağa və həm Qərblə, həm də Şərqlə qarşılıqlı fəaliyyətdən faydalanmağa üstünlük verir. Hesab edirəm ki, bu, Rəcəb Tayyib Ərdoğanın strategiyasıdır. Bu xətti nə vaxta qədər izləməyin mümkün olmasını demək mənim üçün çətindir.

Belə çoxvektorlu oriyentasiya bir vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən bəyan edilib və kifayət qədər uğurla həyata keçirilib. Onun Rusiya ilə bərabərhüquqlu müttəfiqlik şəraitində qarşılıqlı fəaliyyəti həm vaxt baxımından qazanc idi, həm də iqtisadi üstünlükləri təmin edirdi. Ankara da oxşar siyasət yürüdür.

Amma sonsuza qədər tarazlaşdırmaq mümkün olmayacaq. Gec-tez seçim edilməli olacaq, daha doğrusu, bu seçimi tarix özü edəcək. Məsələn, Allah eləməsin, iri miqyaslı ədavət, hətta Rusiya ilə Ukrayna arasında, faktiki olaraq isə Rusiya Federasiyası ilə Qərb arasında müharibə başlaya. Türkiyə artıq Ukraynaya birbaşa dəstəyini bəyan edib və bunu praktikada hərbi təchizatla təsdiqləyib. Onda Türkiyə və Rusiya bu münaqişədə antaqonist olacaqlar.

Üstəlik, Ankaranın “Böyük Turan” məkanında, məsələn, Rusiya, Çin və Türkiyənin faktiki olaraq toqquşduğu Qazaxıstanda öz maraqları var.

Moskva ilə Ankaranın münasibətləri ilə bağlı daha bir gərgin məqam var – bu, Yaxın Şərq, Suriyadır ki, burada Türkiyə və Rusiyanı qarşıdurmanın sərt formalarından saxlamaq çətindir.

Düşünürəm ki, Ankara gec-tez Rusiya ilə qarşıdurmaya girə bilər, amma Çinlə yox.

– Hələ Cənubi Qafqaz da var…

– Təbii ki, doğma Azərbaycanda Türkiyənin mövqeləri çox güclüdür. Qarabağ isə Azərbaycan və Ermənistanın maraqlarının toqquşduğu, qanlı və dramatik xarakter aldığı yerdir.

Türkiyə Azərbaycanın, Rusiya isə Ermənistanın arxasındadır. Baxmayaraq ki, başa düşmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında münasibətlər əladır, dostluq münasibətləri var. Bu da Bakı ilə İrəvan arasında münaqişənin pis xarakter daşımayacağına zəmanətdir.

Türkiyə isə hər yerdədir, o, özünü düşmən kimi yox, geniş ərazilərdə – Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynanın slavyan ərazilərində Rusiyanın rəqibi kimi göstərir.