Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq
Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir: “Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək”.
Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir: “Yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq”.
G.Məmmədova əlavə edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur: “Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur”.