Qəzza zolağının şimalında yaşayan fələstinlilər İsrailin hücumları nəticəsində ölənlərin yaşayış yerlərinin yaxınlığında təsadüfi şəkildə basdırıldığını və bu səbəbdən bölgədə epidemiyaların yayılmasından narahat olduqlarını bildirirlər. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Fələstinlilər məzarların gigiyena qaydalarına və prosedurlarına uyğun tikilmədiyini və bunun yaxın gələcəkdə epidemiyaların xəbərçisi olacağını bildirirlər.
Fələstinli Basqın Dayfullah Qəzzada fərdi və ya toplu şəkildə təsadüfi qəbirlərin açılmasının adi hala çevrildiyini bildirib.
“Cəsədlər küçələrdə, qaçqın mərkəzlərində, prospektlərdə basdırılır. Çünki insanlar qəbiristanlıqlara gedə bilmirlər. İnsanlar İsrail əsgərlərinin hədəfinə düşməkdən qorxduqları üçün çox hərəkət edə bilmirlər”. Dayfullah deyib və qeyd edib ki, İsrail də qəbiristanlıqları qazıb məhv edir.
Dayfullah Qəzzada təhlükəsiz yer olmadığını və qadınların, uşaqların və qocaların hamısının hədəf alındığını vurğulayıb.