Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçılarda korporativ idarəetmə Standartları”nı təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçıda korporativ idarəetmənin tətbiqini Direktorlar Şurası təmin edəcək. İdarə Heyəti Şuranın təsdiqlədiyi strateji plan və siyasətlərin effektiv icrasını təmin etməlidir.
Hər bir sığortaçının Direktorlar Şurası onun strateji baxışını müəyyən edir və bu əsasda strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatını Səhmdarların Ümumi Yığıncağı ilə razılaşdırılmaqla Direktorlar Şurası təsdiq edir.
Sığortaçının strateji planı strateji baxış və missiya bəyanatı əsasında hazırlanır. Strateji planı Direktorlar Şurası təsdiq edir. Strateji plan azı üç illik dövrü əhatə edir. Plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 gün ərzində Səhmdarların Ümumi Yığıncağına və AMB-yə təqdim edilir. Planda sığortaçının strateji baxışı, missiya bəyanatı, risklərin təhlili, inkişaf prioritetləri və həyata keçiriləcək fəaliyyət növləri, onlar üzrə strateji hədəflər və tədbirlər planı, strateji planın həyata keçirilməsi üçün tələb olunan təşkilati struktur və maliyyə proqnozları əks etdirilir.
Direktorlar Şurası sığortaçıda ümumi rəhbərliyi və onun fəaliyyətinə nəzarəti həyata keçirir. Şuranın hər hansı bir üzvü ardıсıl olaraq üç iсlasda şəxsən iştirak etmədikdə Şuranın sədri, yaxud onu əvəz edən şəxs sonuncu iclas tarixindən 5 iş günündən gec olmayaraq bu barədə AMB-yə yazılı məlumat verməlidir.
Bundan başqa, hər bir sığortaçıda Audit Komitəsi və Riskləri İdarəetmə Komitəsi yaradılmalıdır.
İdarə Heyəti sığortaçının fəaliyyətinin effektiv və səmərəli idarə olunmasını, maliyyə nəzarəti sisteminin maliyyə idarəetməsi və hesabatlılıq tələblərinə uyğun olmasını, sığortaçının büdcəsinin səmərəli istifadəsini, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanlarına hesabatların təqdim edilməsini və onların düzgünlüyünü təmin etməlidir.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.