Almaniya kansleri Olaf Şolz Rusiya-Ukrayna müharibəsinə toxunub və o, Almaniya ordusundakı əsgərlərin Ukraynaya göndərilməyəcəyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
NATO-nun müharibənin tərəfi olmadığını və olmayacağını bildirən Scholz deyib ki, bu belə qalacaq: “Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik. Biz bu məsələdə bütün müttəfiqlərimizlə razıyıq”.
Bunun həm də Almaniyanın müharibəyə qarışmayacağı anlamına gəldiyini vurğulayan Şolz bildirib: “Açıq və aydın desək, Almaniya kansleri olaraq ordumuzdakı əsgərləri Ukraynaya göndərməyəcəyəm. Əsgərlərimiz buna güvənə bilər və siz də etibar edə bilərsiniz”.
Partnyorları və müttəfiqləri ilə Ukraynaya dəstəyi artıracaqlarını bildirən Şolz Ukrayna ordusunun xüsusilə hava hücumundan müdafiə üçün təcili olaraq daha çox sursat və silaha ehtiyacı olduğunu qeyd edib:
“Ukrayna ərazisinə nə quru qoşunları, nə Avropa dövlətləri, nə də NATO dövlətləri tərəfindən göndərilən əsgərlər olmayacaq. Ölkələrimizdə xidmət edən əsgərlər döyüşə aktiv şəkildə qatılmayacaq”.