Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib.
İnterpress.az xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin bu reallıqların təsbiti olduğunu söyləyib.
Onun sözlərinə görə, gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək: “Xalqımız da seçkidə öz müdrik qərarını verəcək. 2020-ci ildə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz prezident İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik”.
S.Qafarova bildirib ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir: “Heç nə dəyişməyib. Ancaq bütün bunlar bizi haqq yolundan və başlatdığımız müqəddəs missiyadan çəkindirə bilməz. Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək”.