Tacikistan Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, aprelin 20-dən ölkə ümumi Türkiyə xarici pasportu olanlar üçün viza rejimi tətbiq edəcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə hakimiyyəti də Tacikistan vətəndaşları üçün viza sisteminin tətbiq olunduğunu elan etmişdi.
Aprelin 7-də Türkiyənin Düşənbədəki səfirliyi bildirib ki, Türkiyəyə səfər edən Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi müvəqqəti tədbirdir.
“Vizaların rəsmiləşdirilməsi 20 aprel 2024-cü ildə başlayacaq. Bu tarixə qədər Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız gediş-gəlişi mümkündür”, – Ankaranın Düşənbədəki səfirliyindən bildiriblər.
Səfirliyin mesajında həmçinin qeyd olunub ki, Türkiyəni tranzit kimi istifadə edən vətəndaşlar vizasız səyahət edə biləcəklər.
Aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fərmanla iki ölkə arasında vizasız rejimi ləğv edib. Bu qərarın səbəbləri açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az