Alimlər Avstraliyada görülən ət yeyən bakteriyanın yaratdığı Buruli xorasının ağcaqanadlar vasitəsilə opossumlardan insanlara keçdiyini aşkar ediblər. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Avstraliyanın Viktoriya Doherti İnstitutunun tədqiqatçıları Buruli xorasına səbəb olan ət yeyən bakteriyaların mənbəyini və yayılmasını araşdırıblar.
“Nature Microbiology” jurnalında dərc olunan araşdırma çərçivəsində 2016-2021-ci illər arasında Melburnda 65 min ağcaqanad araşdırılıb.
Alimlər müəyyən ediblər ki, ağcaqanadların opossumlardan daşıdığı bakteriyaların genetik quruluşu bölgədəki Buluri xorasından əziyyət çəkən insanlardakı bakteriyalarla eynidir.
Tədqiqat qrupundan olan professor Tim Stinear mövzu ilə bağlı deyib: “Bu, bizi həyəcanlandırır, çünki bu xəstəliyin necə yayıldığına dair 80 illik sirri bitirir”.
Stinear, ağcaqanadların Buluri xorasının yayılmasından çoxdan şübhələndiklərini, lakin bu növ bakteriyaların həşərat dişləmələri ilə yayılmasının qeyri-adi olduğunu söyləyib.
Professor Stinear qeyd edib ki, 10 il əvvəl Avstraliyada ildə 20-30 hadisə qeydə alınırdısa, keçən il Viktoriya ştatında 363 hadisə təsdiqlənib.
Tədqiqatçılar, araşdırmanın insanlara həşərat kovucu vasitələrdən istifadə etmək və evlərin ətrafındakı suyu təmizləmək kimi xoralara səbəb olan ət yeyən bakteriyalara qarşı tədbir görməyə imkan verəcəyini diqqətə çatdırıblar.