Azərbaycan-Türkiyə Evində mənalı görüş və təbrik mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvlərindən ibarət bir qrup xanım Azərbaycan-Türkiyə Evində Azərbaycan-Türkiyə Evinin başqanı, Azərtürk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlını ziyarət edib.
Səmimi və xoş ovqatda keçən görüş çərçivəsində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal üzvlərindən olan Teyfə Zilfiqarovanın 60 illik yubileyi qeyd olunub. Tənzilə Rüstəmxanlı yubilyarı ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Tədbirdə Vətən uğrunda övladlarını qurban vermiş dəyərli şəhid analarının iştirakı görüşə xüsusi mənəvi dəyər qatıb. Onların fədakarlığı və əziz xatirələrə göstərdikləri sədaqət dərin ehtiramla yad edilib.
Görüşün Milli Mətbuat Gününə təsadüf etməsi münasibətilə əməkdar jurnalistlər Əntiqə Qonaq və Telli Pənahqızı da təbrik olunublar. Tənzilə Rüstəmxanlı onların Azərbaycan jurnalistikasının inkişafına verdikləri töhfələri yüksək qiymətləndirərək, peşə fəaliyyətlərində yeni nailiyyətlər, qələmlərinin hər zaman daha kəsərli, daha güclü və həqiqətin yanında olmasını arzulayıb.
Sonda Milli Mətbuat Günü münasibətilə Əntiqə Qonaq və Telli Pənahqızına uzunmüddətli səmərəli fəaliyyətlərinə və jurnalistika sahəsindəki xidmətlərinə görə sertifikatlar təqdim edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və xoş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.






