Türkiyənin ilk kosmos səyahətçisi olan astronavt Alper Gezeravcı son günlərin ən çox danışılan və maraq doğuran adlarından biri olub. Uzun illər öncə də kosmosa səyahət edən türk mənşəli astronavtlar olsa da, Alper Gezeravcı kosmosa səyahət edən ilk Türkiyə vətəndaşıdır. Gezeravcının iştirak etdiyi kosmos səyahəti Türkiyə vaxtı ilə 16.49-da başlayıb. Onun kosmosda tarixə düşən ilk sözləri “Gələcək göylərdədir” olub.
“Qanadlı bir gənclik ölkənin gələcəyi üçün ən böyük təminatdır. Əgər bir gün Qərblilərin ayaqları Ayda öz izlərini qoyacaqsa, onların arasında türk tapmaq üçün indidən işə başlamaq və irəliləyiş etmək lazımdır” – M.K.Atatürk, 1936.
Türkiyə Hərbi Hava Qüvvələrində qırıcı pilot kimi xidmət edən Gezeravcının F-16 da daxil olmaqla bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb.
İlk türk kosmos səyahətçisi Alper Gezeravcı Ax-3 missiyasında ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək. O, 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada müxtəlif elmi missiyalar həyata keçirəcək. Kosmosda xərçəngdən immun hüceyrələrinə, yosunlardan propolisə qədər elm və bilim aləminə fayda təmin edəcək araşdırmalar da daxil olmaqla 13 təcrübə aparılacaq.
Qardaş ölkəmiz və qardaş millətimiz üçün daha bir tarixi məqamın şahidi olmağımızdan qürur duyuruq, türkün yeri ən uca zirvələrdədir.
Və biz bundan əminik ki, Türkiyənin ilk insan kosmos uçuşu, şanlı türk bayrağını səmalarda və onun hüdudlarından kənarda dalğalandıran bu mərhələ bütün Türk dünyası üçün çox əzəmətli və şanlı bir səhifə olacaq.
“Milli Kosmos Proqramı” çərçivəsində Türkiyənin ilk kosmosa səyahətini edən Alper Gezeravcını və onun simasında bütün qardaş türk xalqını ürəkdən təbrik edirik. Səmada dalğalanan al qırmızı, hilallı bayrağın indi kosmosda dalğalanır! Qürurluyuq, sevincliyik; uğurun uğurumuzdur, qardaş Türkiyə-doğma diyar!