Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
İnterpress.az xəbər verir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.
***
Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu “İmarət” qəbiristanlığında olublar.
Qonaqlar qəbiristanlığın qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.
Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
İnterpress.az