Türkiyə İsrailin hücumları və işğalı altında olan Qəzza zolağına ən çox yardım edən üçüncü ölkədir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail Müdafiə Nazirliyinə bağlı Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinasiyasının (COGAT) internet saytında dərc edilən məlumatlara görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə birlikdə hərbi əməliyyatları həyata keçirən ölkələr sırasındadır.
Ən çox humanitar yardım İsrailin hücumu altında olan Qəzza zolağına göndərilib.
İsrailin əngəlləməyə davam etdiyi və çox az miqdarda daxil olmasına icazə verdiyi yardımın 25 faizi BƏƏ, 20 faizi Səudiyyə Ərəbistanı, 17 faizi isə Türkiyədən göndərilib. Türkiyəni 8 faizlə Qətər, 3 faizlə Küveyt izləyib.
Bundan əlavə, Qəzza zolağına girməyə icazə verilən 74 təcili yardım maşınından 7-si Türkiyə tərəfindən bağışlanarkən, 3201 xəstə və yaralı 724 nəfər müşayiətçi ilə Türkiyə və Misirin koordinasiyasında ölkə xaricində müalicə olunmaq üçün Qəzza zolağından təxliyə edilib.
Türkiyə İsrailin hücumları başlayandan bəri Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.
Digər tərəfdən, Türkiyə İsrailin Qəzzaya hücumlarından sonra səhiyyə xidmətlərindən istifadə edə bilməyən xəstə və yaralılara yardımlarını davam etdirir. Bu çərçivədə Türkiyə Misir və İsrailin koordinasiyasında həyata keçirilən təxliyə prosesində müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün 8 təxliyə əməliyyatı həyata keçirib.
Dünyanın bir çox ölkəsi Misir ərazisindən keçməklə Qəzzaya humanitar yardım göndərib, lakin İsrailin maneələri üzündən bu yardımın böyük hissəsi Misirdə gözləməyə davam edir. İsrail humanitar yardımın Misir sərhədindəki Rəfah sərhəd qapısından Qəzzaya daxil olmasına icazə verilməsi ilə bağlı beynəlxalq çağırışlara da məhəl qoymur.
Təl-Əviv administrasiyası həmçinin Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım iddiasında Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzaya humanitar yardımın verilməsinə icazə verilməsi ilə bağlı qəbul etdiyi müvəqqəti tədbir qərarını icra etməkdən imtina edir.