Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin ona heç bir ultimatum vermədiyini açıqlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin ona hər hansı bir son tarix və ya rəsmi ultimatum təyin etmədiyini bəyan edib.
Hökumət başçısı Ermənistanda Avropa Birliyinə (AB) daxil olmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyü qoruyub saxlamaq məsələsi üzrə ümumxalq referendumunun keçirilməsi üçün Rusiya liderinin hər hansı bir vaxt məhdudiyyəti qoyub-qoymaması barədə sualı cavablandırarkən deyib:
“Hər hansı bir ultimatumla əlaqəli ritorika bizim üçün qətiyyən qəbuledilməzdir”.
Onun sözlərinə görə, Ermənistan dövlətinin suveren hüquqları ilə bağlı bütün strateji qərarları ölkə rəhbərliyi tamamilə müstəqil şəkildə qəbul edir.
Baş nazir “Mən artıq demişəm: referendumun keçirilib-keçirilməməsi və nə vaxt keçirilməsi barədə qərar verməli olan məhz bizik” deyərək rəsmi İrəvanın müstəqil mövqeyini xüsusi vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.аz






