Rusiya mediasında vətəndaşı olduğu dövlətin rəsmi siyasətinin əksinə olaraq Azərbaycana qarşı daim qərəzli münasibət bəsləyən və informasiya terorru ilə məşğul olan şəxslər “Crocus City Hall”da baş vermiş dəhşətli terror hadisəsindən yeni fürsət kimi yararlanmağa çalışırlar.
Bu baxımdan anti-Azərbaycan çıxışları ilə məşhurlaşan jurnalist Vladimir Solovyovun Moskvadakı son terror aktında Azərbaycanın adını hallandırması ikrah doğurur.
Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyəti daşıyan belə çıxışlar ilk olmadığı kimi güman ki, sonuncu da olmayacaq. V.Solovyovun “Crocus City Hall”da həyata keçirilmiş terror aktına etnik fon verməsi, heç bir əsas olmadan həyasızcasına azərbaycanlıları və Azərbaycan dövlətini hədəfə götürməsi Rusiya cəmiyyətində soydaşlarımıza qarşı kəskin neqativ münasibət formalaşdırmaq cəhdidir. Belə şəxslərin hər zaman çirkin sifarişlərin icraçısı olduğu hamımıza yaxşı məlumdur.
Amma inanıram ki, sağlam əsaslara və qarşılıqlı hörmətə söykənən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərini solovyovların saxta və məqsədli informasiya təxribatları ilə zədələməsi mümkün deyil.
Son 35 ildə dünyada ən çox terrora məruz qalan xalqlardan və dövlətlərdən biri kimi Azərbaycan prezidenti və digər rəsmilərimiz dəhşətli terror aktının baş verdiyi ilk vaxtlarda Rusiya Prezidenti və RF-nin vəzifəli şəxslərinə başsağlığı verərək terroru pislədiklərini ifadə ediblər. Azərbaycan bütün dövrlərdə terrorizmə qarşı birmənalı mənfi münasibəti və ardıcıl mübarizəsi ilə seçilib. Azərbaycan eyni zamanda müxtəlif çoxtərəfli platformalar vasitəsi ilə qlobal təhlükəsizliyə davamlı töhfələr verir. Bu cəhətdən Azərbaycana qarşı böhtan xarakterli belə çıxışlar əminəm ki, Rusiya cəmiyyətində avantüra kimi qəbul edilir. Düşünürəm ki, inkişaf edən Azərbaycan – Rusiyanın münasibətlərinə qarşı yönələn bu cür təxribatların qarşısının alınmasında qonşu ölkənin vətəndaşı cəmiyyəti institutları da fəal olmalı və bizimlə həmrəylik nümayiş etdirməlidirlər.
Elməddin Behbud
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri