Yaponiya hökumətinin illik sorğusu nəticəsində respondentlərin 86,7 faizinin Çinə qarşı dostluq hissi keçirmədiyi məlum olub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Nazirlər Kabinetinin İdarəsi hər il ictimai diplomatiya tədqiqatında ölkədə yaşayan 18 yaşdan yuxarı yaponiyalılardan qonşu ölkələr haqqında fikirlərini soruşur.
7 sentyabr – 15 oktyabr 2023-cü il tarixləri arasında 3 min adamı əhatə edən illik sorğuda iştirakçıların Çin, Rusiya və Cənubi Koreya ilə bağlı fikirləri öyrənilib.
Yanvarın üçüncü həftəsində dərc edilən araşdırmanın nəticələrinə görə, 3 min nəfərdən 86,7-nin Çinə qarşı “dostluq hissi” keçirmədiyi müəyyən edilib.
Sözügedən göstərici 1978-ci ildən bəri aparılan ictimai diplomatiya tədqiqatında ən yüksək göstərici kimi qeydə alınıb.
Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi açıqlamasında bildirib ki, sorğunun nəticəsi “cəmiyyətin Çinlə bağlı gözlənilən məsələlərə marağını” əks etdirir.
Son zamanlar Şərqi Çin dənizindəki mübahisələr, Çinin Tayvan boğazında artan nüfuzu və iqtisadi təhlükəsizliklə bağlı narahatlıqlar Çin və Yaponiya arasındakı münasibətlərə mənfi təsir göstərir.
Rusiyaya qarşı bu göstərici 95,3 faizdir
Sorğuda həmçinin Yaponiyanın şimaldakı qonşusu Rusiya və qərbdəki qonşusu Cənubi Koreya ilə bağlı ictimai rəy də öyrənilib.
Müvafiq olaraq, Rusiyaya qarşı “dostluq hiss etmədiklərini” ifadə edənlərin nisbəti 95,3 faiz olub.
Cənubi Koreyaya qarşı “dostluq hiss etmədiklərini” ifadə edənlərin nisbəti yüzdə 46,4 olaraq qeyd edilib.