Yunanıstanda dünən gecəni parlament binası qarşısında keçirən fermerlər traktorları ilə Afinanı tərk ediblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən gün ölkənin hər yerindən Afinaya gələn fermerlər gecəni Sintaqma meydanında parlament binası qarşısında traktorları ilə keçiriblər.
Hökumətin siyasətinə etiraz edən fermerlər polisin müəyyən etdiyi marşrut üzrə traktorları ilə Sintaqma meydanını tərk ediblər.
Fermerlər hökumətdən istehsal xərclərinin, xüsusilə dizel, elektrik enerjisi, gübrə və pestisid qiymətlərinin aşağı salınmasını, vergi yüklərinin yüngülləşdirilməsini və təbii fəlakətlərdən zərər çəkən fermerlərə dəstək verilməsini tələb edirlər.
Fermerlər daxili bazarda satılan xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının üzərində “Made in Greece” yazısının da qarşısını almaq istəyirlər.
Yunan fermerlər xarici bazarlardan gələn kənd təsərrüfatı məhsullarının aşağı qiymətinin AB meyarlarına uyğun istehsal etdikləri üçün haqsız rəqabətə səbəb olduğunu müdafiə edirlər.