Təbrikdə deyilir:
“Əziz soydaşlarım!
Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün və Yeni təqvim ili münasibəti ilə təbrik edirəm, sizlərə cansağlığı, səadət arzulayıram.
Azərbaycan xalqı tarixin çox böyük sınaqlarından çıxıb. Ölkəmizin coğrafi mövqeyi, Şərqin qapısı rolunu oynaması bütün dünya güclərinin diqqətini tarixin bütün dövrlərində cəlb edib və hər beynəlxalq güc Azərbaycanı ələ keçirmək, nəzarətində saxlamaq istəyib. Böyük güclərin bu iştahının nəticəsidir ki, Azərbaycan param-parçadır. 50 milyonluq xalq Qüzeyə Güneyə bölünüb, tarixi torpaqlarımız Kərkük-Mosuldan Dərbəndə, Borçalı mahalına qədər müxtəlif ölkələrin tərkibinə qatılıb.
Azərbaycan tarixi torpaqlarının yalnız kiçik bir hissəsində dövlətini qura bilib. Amma bu kiçik ərazimizdən belə yağı gözü çəkilməyib. Yüzillər keçib, zaman dəyişib, amma dünya və dünyanın beynəlxalq gücləri yenə eyni iddiadadırlar: Azərbaycanın tarixi torpaqlarının cüzi hissəsində qurduğu dövlətin ərazisinin bir hissəsi həmən güclərin sayəsində işğal olunub və bu işğal davam etməkdədir.
İkili standartların tətbiq olunduğu bir dünyada yaşayırıq: dünya gücləri Krımı işğal etdiyi üçün Rusiyaya sanksiyalar tətbiq edir, amma 25 ildir ki, Rusiyanın dəstəyi ilə Qarabağı işğal edən Ermənistana humanitar yardım göstərir; Krımla bütün ticari və siyasi əlaqələri kəsən Qərb Dağlıq Qarabağ separatçılarına maliyyə dəstəyi verir, onların pulyığma aksiyasında fəal iştirak edir.
Belə ədalətsiz bir dünyada bizim yeganə nicatımız həmrəyliyimizdə, milli birliyimizdə, milli maraqlar naminə birgə mübarizəmizdədir. Biz külüngü bir yerə vurduğumuz, beynəlxalq güclərin əlində alət olmadığımız, milli ideyalardan dönmədiyimiz anda dünya bizlə hesablaşacaq və tarixi ədalətsizliyi bərpa etmə fürsətimiz olacaq.
Əziz bacı və qardaşlarım!
Beynəlxalq güclərin ortaya atdığı insan haqları, demokratiya ilə bağlı deyilənlərin əsl mahiyyəti son illər daha çılpaqlığı ilə özünü göstərir. Məlum olur ki, bütün “prinsiplər” beynəlxalq oyunçulara öz milli maraqları üçün təzyiq vasitəsindən başqa bir şey deyil. Belə olmasaydı, Qarabağ işğal olunanda, Cənubi Osetiya və Abxaziyaya rus qoşunları yeridiləndə Qərb hərəkətə keçərdi, Ərəb baharı adı ilə Şərqdə terrorçuların başkəsiminə, qədim və böyük Şərqin məhvinə, islam dünyasının gözdən salınmasına şərait yaradılmazdı.
Bütün bunlar bizləri növbəti illərə tam başqa gözlə baxmağa vadar edir və inanıram ki, artıq hamı dünyanı əsl rəngində görməyə başlayır.
Sizləri bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, hər birinizə yeni ildə yeni uğurlar, millətimizə və xalqımıza bütövlük, firavanlıq arzulayıram\”.
İnterpress.az