80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşüb.
İnterpress.az xəbər verir ki, deputatlığa namizəd İmişli rayonuna daxil olan Telişli və Allahmədətli kəndlərində kənd sakinləri ilə üz-üzə gəlib. Görüşə toplaşan çoxsaylı insanlar onları 10 il təmsil etmiş deputatlığa namizəd haqqında xoş sözlər deyiblər. Bir daha Çingiz Qənizadəyə səs verəcəklərini xüsusi vurğulayıblar.
Eyni zamanda, kənddə olan müəyyən problemlərə gələcəkdə dəstək olması üçün deputatlığa namizədə müraciət ediblər. Kənd camaatının ən əsas problemlərindən biri də bu ərazidə qazın olmamasıdır. Kənd camaatı qeyd edib ki, 5-6 km kənardan qaz xəttinin keçməsinə baxmayaraq, indiyə qədər yaxınlıqda olan 3-4 kəndə, o cümlədən Allahmədətli və Telişli kəndlərinə qaz xətti çəkilməyib. Kənd sakinləri problemin gələcəkdə yuxarı instansiyalara çatdırılması istiqamətində iş aparılmasını Çingiz Qənizadədən xahiş ediblər. Deputatlığa namizəd bildirib ki, artıq bu istiqamətdə bir neçə ildir ki, müxtəlif yazışmalar aparıb.
Deputatlığa namizəd yaxın vaxtlarda sakinlərin səsləndirdiyi məsələ ilə bağlı şad xəbər eşidəcəyinə ümid etdiyini bildirib.
Görüşlərdən sonra deputatlığa namizəd Çingiz Qənizadə qərargahında seçiciləri fərdi qaydada qəbul edib.
İnterpress.az