Bu gün AzTV-nin yaranmasından 64 il ötürbackend

Bu gün AzTV-nin yaranmasından 64 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan AzTV (əvvəl başqa adla olub) televiziya kanalının yaranma günüdür.
 
İnterpress.az xəbər verir ki, televiziyanın yaranmasından 64 il ötür.
 
Belə ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.
 
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını \”Göstərir Bakı!\” kəlməsi ilə başlayıb. Həmin gün ekranda \”Bəxtiyar\” bədii filmi nümayiş etdirilib.
 
Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra – 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.
 
1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.
 
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət \”Azərbaycan Televiziya və Radio Verilişləri\” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
 
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya – \”215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.
 
Bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə \”Avropa keyfiyyəti” medalına layiq görülüb.
 
Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.
 
İnterpress.az kollektivi Azərbaycan Televiziyasının əməkdaşlarını təbrik edir və onlara işlərində uğurlar arzulayır.