Sosial şəbəkələrdə bildirilir ki, yol polisi tərəfindən “VAZ-2104” markalı avtomobilin sürücüsünə göndərilən bildirişdə maşının sürət həddini pozması qeyd olunur.
Göndərilən radar bildirişinə əsasən “VAZ-2104” markalı avtomobilin sürücüsü maşını 230 km. saatla idarə edib. Fotoda göstərilir ki, bildiriş ötən ilin mart ayının 4-də göndərilib.
Qeyd edək ki, “VAZ-2104” markalı avtomobilin maksimal sürəti 145-dir.
Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, bu hadisə ötən il baş verib. Onun sözlərinə görə, bildiriş göndərilən sürücü idarəyə müraciət edib.
“Araşdırmalar aparılıb. Məlum olub ki, hadisə texniki səhv ucbatından baş verib. Həmin protokol mart ayının 31-də ləğv edilib”, – deyə Kamran Əliyev bildirib. ( anspress.com )
İnterpress.az