Emal sənayesinin də bir çox aparıcı sahələri – qida və metallurgiya sənayesi, tikinti materiallarının və hazır metal məmulatların istehsalı və s. var. Mən bu sahələrin adlarını təsadüfən çəkmədim. Hesab edirəm ki, hər bir ölkədə bunlar ən vacib sahələrdir, hətta deyərdim ki, ölkənin şah damarlarıdır\”.
Bu barədə Milli Məclisin üzvü Elmira Axundova parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2014-cü ilə dair hesabatının müzakirəsi zamanı deyib.
Ona görə də millət vəkili hesab edir ki, hökumət növbəti illərdə bu sahələrin öz daxillərində şaxələnməsinə diqqəti artırmalı, həmin sahələrdə fəaliyyət göstərən müəssisələrin sayı çoxalmalı, rəqabət yüksəlməli, onların inkişafı üçün daha əlverişli şərait təmin edilməlidir: “Fikir verin, qida, tikinti materialları, hazır metal məmulatları və digər emal sahələrində fəaliyyət göstərən şirkətlər öz işlərini yekun məhsulun istehsalı üzərində qurublar, xammal isə idxal olunur. O da öz mənfi təsirini bu yaxınlarda manatın devalvasiyası zamanı kəskin şəkildə göstərdi.
Buna görə də təklif edərdim ki, hökumət bundan sonra daha çox diqqəti xammal məhsullarını istehsal edən yerli zavod və fabriklərin açılmasına ayırsın. Təəssüf ki, biz öz zəngin daxili resurslarımızdan hələ də lazımi səviyyədə istifadə edə bilmirik və bunun üçün də xarici idxaldan asılılığımız davam edir. Məncə, bu vəziyyəti köklü surətdə dəyişdirmək hökumətin əsas vəzifəsi olmalıdır”.
Hazırda hökumətin xərclərin azaldılması istiqamətində işlər görməsi fonunda diqqəti Nazirlər Kabinetinin hesabatının nəşr olunduğu keyfiyyətlə çap edilmiş tam 455 səhifəlik kitaba çəkən deputat qənaət olsun deyə bu cür hesabatların elektron formada təqdim edilməsini təklif edib: “Təsəvvür edin ki, dövlət hər il bu qədər materialların çapına nə qədər vəsait xərcləyir. Hər il hökumətin hesabatı, Hesablama Palatasının hesabatı, dövlət büdcəsi, dövlət büdcəsinin icrası və digər hesabatlar, hər iclasda Milli Məclisin gündəliyi, sazişlər, Milli Məclisin Aparatının və komitələrinin tədbirlərində, iclaslarında, müəyyən digər dövlət tədbirlərində çap işinə bəlkə də milyonlar xərclənir. Buna görə də təklif edərdim ki, Milli Məclisə verilən hesabatlar, paylanan materiallar bundan sonra elektron formada təqdim edilsin, çünki hamımızda elektron poçt və s. vasitələr var. Məncə, bu da xərclərin azaldılmasına az da olsa təsir edə biləcək bir çıxış yoludur”.
Deputat yekunda Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri ilə bağlı bir məsələni də diqqətə çatdırıb: “Adıçəkilən ərazi hazırda çox acınacaqlı vəziyyətdədir. Çox xahiş edərdim ki, artıq sökülmüş binaların qalıqları yığışdırılsın, oradakı zibilliklər təmizlənsin, səliqə-sahman yaradılsın. Ümumiyyətlə, sökülmüş ərazilər təhlükəli olduğu üçün hasarlanmalıdır. İyun ayında Bakıya minlərlə xarici qonaq və turistin gələcəyi nəzərə alınsa, həmin mənzərəni dünyaya nümayiş etdirmək məqsədəuyğun olmazdı\”
İnterpress.az