Səbaildən əsgərlərə bayram sovqatıbackend

Səbaildən əsgərlərə bayram sovqatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcra hakimiyyətindən İnterpress.az-a verilən məlumata görə, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırıblar.

Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib. Səbaillilərlə birgə bu görüşdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin bayramını təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.

Respublika Hərbi Prokurorluğunun şöbə rəisi, polkovnik Nazim Orucov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru general-leytenant Xanlar Vəliyevin əsgərlərə təbrik məktubunu oxuyub.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Ruslan Ağasıyev şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib.
Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub.

Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib. Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.

Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə sıx dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olublar.

İnterpress.az