Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər.
Başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə saxlanılan on beş şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər.
Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.
Həmin şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda, onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması üçün müvafiq orqana göndərilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.
Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
İnterpress.az