Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə, martın 17-si başlayan geomaqnit qasırğası axşama doğru kifayət qədər güclənib və Kp indeksi 9 ballıq şkala üzrə 8-ə çatıb.
Nəticədə G4 sinfinə aid olan və cari 11 illik Günəş tsiklinin ən güclü geomaqnit qasırğası baş verib: “Qasırğa bu gün də davam edir, lakin tədricən səngimək üzrədir. Orta en dairələrində neqativ təsir bu gün və qismən sabah hiss ediləcək. Risk qrupuna daxil olan insanların profilaktik tədbirlər görməsi məsləhət edilir. Böyük ehtimalla yaxın günlər ərzində yerüstü və yerətrafı texnoloji sistemlərə olan mənfi təsirlər haqqında da məlumatlar daxil olacaq”.
İnterpress.az