Avtobusun malik olduğu “Xaliq Faiqoğlu” MMC şirkətindən oxu.az-a bildiriblər ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərinişin avtobusunu idarə edən Eynulla Həşimov fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün işdən qovulub.
Şirkətdən bildirilənə görə, dünən fiziki qüsurlu bir vətəndaş bir neçə avtobusa minmək istəyib. Avtobus sürücüləri əlillər üçün nəzərdə tutulan xüsusi pandusu açıb sərnişinlərin köməyi ilə fiziki qüsurlu şəxsə kömək göstərib. Həmin vətəndaş avtobusa minərkən yanındakı dostu hadisəni lentə almağa başlayıb. Eyni cütlük 10-15 avtobusda belə bir müşahidə aparıb.
Müşahidə zamanı 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov isə məsuliyyətsiz davranaraq fiziki qüsurlu şəxsi görüb, sonra avtobusu dayandırmayıb. Şirkətdən həmin məsuliyyətsiz sürücünün işdən qovulduğu bildirilib.
Şirkətdən onu da bildiriblər ki, bununla bağlı avtobus sürücülərinə mütəmadi olaraq təlimlər keçirilir. Avtobuslarda əlillər üçün xüsusi pandus var, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib enməyə imkan yaradır. Fiziki qüsurlu şəxs avtobusa xüsusi pandus vasitəsilə yaxınları tərəfindən, sərnişinlərin və ya sürücünün köməkliyi ilə avtobusa mindirilməlidir.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə paytaxtda avtobus sürücüsünün əlil vətəndaşı idarə etdiyi nəqliyyat vasitəsinə mindirməkdən imtina etdiyini göstərən görüntülər yayılmışdı.
Xatırladaq ki, “Xaliq Faiqoğlu” MMC şirkətinin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib.
Onu da əlavə edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişinə əsasən, yeni gətirilən avtobusların hər biri əlil şəxslərin rahat minib-düşməsi üçün müvafiq panduslarla təchiz olunur.
İnterpress.az