Sosial şəbəkələrdə yayılan bir video xeyli danışıldı. Gənclər maşını elə sürür ki, sanki şəhər içində deyil, hansısa ralli yarışındadır və finiş xəttinə tələsir.
Müxtəlif qəza vəziyyətləri yaratmaqlarına baxmayaraq bu təhlükəli şou onlar üçün sadəcə əyləncədir.
Bir məqamda yoldakı maşınlardan birinin yan güzgüsünü sıradan çıxarırlar və tez elin sözü olmasın “yollarını dəyişib “aradan çıxırlar”.
Bizim şəbəkəçilər də qaza basdılar və ürəklərini şərhlərə boşaltdılar. Onlarıdan bir neçəsini sizə təqdim edirik.
İlahi Nazimoğlu: “Bu cür sürməklə bir gün əzrayıla qonaq olacaqlar”.
Nizami Əkbərov: “Sonra da işıq dirəyinə girəndə az qala desinlər ki, mən dayanmışdım, dirək özü gəlib dəydi”.
Rusif Abdullayev: “Nə qədər ki, avtoşlar üçün xüsusi yer ayrılmayacaq, bu məsələ həll olunmayacaq”.
Vüsal Muradov: “Bərk sürəndə şir kimi olurlar, qəza edəndə pişik kimi”.
Beləcə gənclər yarı satirik, yarı ciddi formada bu dəliqanlı sürücüləri qınadılar. Amma onları dəstəkləyənlər də oldu. Ümumilikdə ictimai qınağın olması yaxşıdır ki, bəlkə utanıb sürəti azaltdılar. (ans)
İnterpress.az