Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, artıq bununla bağlı təkliflərini müvafiq qurumlara bildiriblər.
Komitə səlahiyyətlisinin sözlərinə görə, AQUPDK UNİCEF-in dəstəyi ilə 2010-cu ilin dekabr ayında “Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi küçə həyatı sürən uşaqların vəziyyətini araşdırmaq, bu halların yaranma səbəblərini müəyyənləşdirmək, təhlil etmək və problemin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirmək olub. Bu məqsədlə Bakı şəhəri və respublikanın 11 rayonunda yerli icra nümayəndələri və polis orqanlarının əməkdaşları ilə görüşlər təşkil edilmiş, küçə həyatına məruz qalmış uşaqlardan sorğular götürülmüşdür. Araşdırmalara əsasən, bu problemin əsas səbəbi uşaqların baxımsızlığıdır.
S.Qəhrəmanova bildirib ki, sorğular bu sahədə valideyn məsuliyyətinin artırılması, valideyn-müəllim münasibətlərinin gücləndirilməsi ilə bağlı işlərin aparılmasının zəruriliyini göstərib.
Onun sözlərinə görə, küçə uşaqlarının olmasının əsas səbəblərindən biri qeyri-rəsmi nikahlardır: “Bundan başqa, rayonlarda qeyri-rəsmi nikahda olan qadınlar boşanma nəticəsində tək qalır, rayondan daha iri şəhərlərə üz tuturlar. İqtisadi cəhətdən özünü və uşaqlarını təsdiq edə bilmirlər. Onların uşaqları da bir çox hallarda küçə həyatı yaşayırlar. Həmçinin aidiyyatı orqanlar tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac olduğu müəyyən edilib. Komitə olaraq biz valideyn məsuliyyətinin artırılması və sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirlməsi üçün öz təkliflərimizi müvafiq qurumlara bildirmişik”.
İnterpress.az