Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.
Onun sözlərinə görə, danışıqlar artıq 20 ildən çox müddətdir davam edir və bu prosesin hər hansı müddətini müəyyən etmək çox çətindir: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə sadiqdir və ölkə BMT Baş Assambleyasının iclasında bəyan etmişdi ki, o, bu prosesə cəlb edilir, eyni zamanda BMT Nizamnaməsinin 51 maddəsindən hasil olan hüququ – fərdi və ya kollektiv özünümüdafiə hüququnu yaddan çıxarmır. Lakin hələ də hesab edirik ki, münaqişənin sülh yolu ilə həll edilməsi imkanları tükənməyib”.
H.Hacıyev qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, demoqrafik və digər böhranlar keçirən və təcrid şəraitində yaşayan, problemləri olan ölkədir: “Azərbaycan ATƏT-in Minsk qrupunun bütün üzvlərinin danışıqlar prosesinə yardım etməsi və bunda aktiv iştirak etməsi ilə bağlı fikri dəstəkləməyə davam edir. Məsələ Minsk qrupunun formatının dəyişdirilməsində deyil. Lakin format çərçivəsində həmsədrlər danışıqlar prosesində malik olduğumuz saziş və razılaşmaların implementasiyasına yardım üzrə səylərini ikiqat artırmalıdırlar”.
O əlavə edib ki, hazırda vacib və əsas element böyük sülh sazişinin mövcudluğudur: “Azərbaycan bu sazişin müxtəlif aspektləri üzrə işçi qrupu yaratmağa başlayıb. Lakn Ermənistan danışıqlar prosesində destruktiv siyasət yürüdür. Hazırda Minsk qrupunun həmsədrləri Ermənistana danışıqlar prosesində konstruktiv xətt tutmağın zəruriliyini çatdırmalıdırlar”.
İnterpress.az